BAKI, 10 mart. TELEQRAF

Hazırda Rusiya qoşunları üçün əsas hücum istiqaməti Kursk vilayətidir. Cəbhənin digər hissələrində Ukrayna silahlı qüvvələri əks-hücum üçün imkanlar əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Qeyd edilir ki, Rusiya qüvvələri Kurskda qərb, şimal və şərqdən Ukrayna ordusuna ağır təzyiqlər edir.

Həmçinin Rusiya qüvvələri cəbhənin digər hissələrində (Ukrayna ərazisində) 2024-cü ilin sonu - 2025-ci ilin əvvəli ilə müqayisədə daha az hücum əməliyyatları keçirməyə başlayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna ordusu Rusiya qüvvələrinin cəmləşdiyi Pokrovsk (Donetsk vilayəti) yaxınlığında əks-hücum əməliyyatlarına başlayıb.

“Ukraynanın əks-hücum imkanları Rusiyanın həyata keçirdiyi quru əməliyyatlarının sayının azalması hesabına yaxşılaşıb. Ukrayna pilotsuz təyyarələrinin hücumları nəticəsində rusların Pokrovsk ətrafındakı təchizat xətləri də zəifləyib”, - Böyük Britaniya Müdafiə Nazirliyi bildirir.