BAKI, 9 mart. TELEQRAF

“Komanda oynaya bilir, sadəcə, kollektivdə bir az inamsızlıq yaranıb, bunu da aradan qaldırmağa çalışacağıq”.

Teleqraf xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis qarşılaşmanı belə şərh edib: “Çox ağır oyun idi. Bizim üçün xal qazanmaq çox önəmlidir. 73-cü dəqiqədə Suleyman Alluşun qırmızı vərəqə alması oyunumuza təsir etdi. Məğlub olduq, rəqibi təbrik edirik. Hələ 10 tur var, çalışacağıq ki, növbəti görüşlərdə qələbə qazanaraq xallarımızın sayını artıraq”.

Baş məşqçi Suleyman Alluşun qırmızı vərəqə epizoduna baxmadığını bildirib: “O, bunu bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək. Komandanı belə vəziyyətdə qoymaq olmaz”.

O, I Liqaya düşməmək üçün mübarizə aparan rəqib komandalar barədə də söz açıb: “Bu gün “Şamaxı” qələbə qazanıb, “Sumqayıt”ın “Kəpəz”lə oyunu var. Məncə, əsas rəqibimiz elə özümüzük. Bir qələbə komandanın özünə inamının qayıtmasına bəs edəcək və bunun ardı gələcək".

Cavid Hüseynov “Səbail”in qış transfer pəncərəsində reallaşan iki transferdən əlavə iki futbolçu keçidinin istədiklərini deyib: “Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı”.