BAKI, 10 mart. TELEQRAF

Azərbaycan milli komandasının Haiti və Belarus yığmalarına qarşı yoldaşlıq görüşləri baş məşqçi Fernandu Santuşun istəyi ilə gec başlayacaq.

AFFA-nın mətbuat katibi Elnur Məmmədlinin Teleqraf-a verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Ramazan ayının olduğunu əsas gətirərək, qarşılaşmaların saat 21:45-də başlamasını daha məqsədəuyğun sayıb.

"Hazırda Ramazan ayıdır. Milli komandanın bir çox oyunçusu oruc tutur. Bu səbəbdən, baş məşqçi Fernandu Santuşun qarşıdakı iki oyuna hazırlıq planı oldu. O, Ramazan ayında futbolçuların daha hazırlıqlı olmaları üçün matçın saat 21:45-də başlamasının daha məqsədəuyğun olduğunu bildirdi", - deyə milli assosiasiya rəsmisi bildirib.

Məmmədli onu da əlavə edib ki, Azərbaycanda oyunların saat 21:45-də başlaması ilk dəfə deyil: "Avrokubokların bəzi oyunları da Bakıda saat 21:45-də start götürmüşdü".

Qeyd edək ki, Azərbaycan millisi Haiti ilə martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Belarusla isə martın 25-də "Bank Respublika Arena"da üz-üzə gələcək.