BAKI, 10 mart. TELEQRAF

“Qış fasiləsindən əvvəl xal fərqi az olmadığından, avrokuboklara vəsiqə şansımız daha çox idi. Lakin hələ də heç nə bitməyib, mövsümün sonuna qədər xallar yığacağıq. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq”.

Bu sözləri “Araz-Naxçıvan”nın futbolçusu Elçin Mustafayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra Teleqraf-a açıqlamasında deyib.

24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə qarşı oyunun gərgin keçdiyini və Felipe Santosun qırmızı vərəqə almasından sonra komandasının geridönüş etməkdə çətinliklə üzləşdiyini bildirib: “Oyuna yaxşı başlamışdıq. Belə güclü rəqiblə matçda 90 dəqiqə təzyiqə dözmək çətindir. İkinci hissədə arxaya çəkilməli olduq. “Qarabağ” kimi komandaya qarşı oynamaq həmişə çətindir. Amma onlar və ya digər komandalar fərq etmir, nəticədə xal itirdik. Qırmızı vərəqə alıb, azlıqda oynamaq bizim üçün daha pis oldu. “Qarabağ” kimi komandaya qarşı 5-10 dəqiqə olsa belə, 10 nəfərlə azlıqda oynamaq ikiqat çətindir. Olmamalı idi, amma futbolda belə hallar qaçılmazdır. Önümüzdəki matçlara baxacağıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 46 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır. Baş məşqçi Elmar Baxşıyevin kollektivi özündən əvvəlki "Qarabağ"dan 17, "Zirə"dən 5 xal geridədir.