
SUMQAYIT, 10 mart. TELEQRAF
“Sumqayıt" komandası Azərbaycan Premyer Liqasının XXVI turunda evdə "Kəpəz"i məğlub edib.
Teleqraf xəbər verir ki, "kimyaçılar" çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada 3:0 hesablı qələbəyə sevinib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə hesabı 20-ci dəqiqədə Roy Kehat açıb. İsrailli yarımmüdafiəçi 51-ci dəqiqədə dubla imza atıb. Qarşılaşmada son nöqtəni 90+3-cü dəqiqədə Nihad Əhmədzadə qoyub.
Bu qələbə "Sumqayıt" üçün 2025-ci ildə ilk olub. "Gənclik şəhəri"nin komandası sonuncu dəfə Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə üstələyib. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 11 oyundur həm qələbə üzünə həsrət idi, həm də qolsuzluqdan əziyyət çəkirdi.
"Sumqayıt" bu qələbə ilə xallarının sayını 25-ə çatdıraraq 8-ci pillənin şəriksiz sahibinə çevrilib. 3 xal az toplayan "Kəpəz" isə yenə 9-cudur.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Digər oyunlarda "Zirə" evdə "Səbail"i, "Şamaxı" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib. Turun mərkəzi görüşündə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.