BAKI, 10 mart. TELEQRAF

"Qarabağ" klubunun polşalı qapıçısı Mateuş Koxalski Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Teleqraf-a müsahibə verib:

- “Araz-Naxçıvan”dan 3 xal almaq çətin olmadı?

- Düzdür, asan oyun deyildi. Amma sona qədər mübarizə apararaq, qələbə qazandıq. Əsası 3 xalı qazanmağımızdır.

- Rəqibiniz öz meydanında daha aqressiv oynayır. Matçın əvvəlində heç-heçə barədə düşünürdünüz?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Bəzi futbolçular bizi təxribata çəkirdilər ki, azlıqda qalaq. Amma bunlara fikir verməyərək, öz oyunumuzu ortaya qoyduq.

- 82-ci dəqiqədə meydanda baş verən insidentlə əlaqədar nə deyə bilərsiniz?

- Qapıda olduğum üçün heç nə görmədim. Dəqiq olaraq, nələrin baş verdiyini bilmirəm.

- “Araz-Naxçıvan”la Azərbaycan Kubokunun 1/2 final mərhələsində də rəqibsiniz. Bu matçdan sonra həmin görüşün daha gərgin olacağını düşünürsünüz?

- Bilirəm ki, bugünkü kimi çox çətin oyun olacaq. Amma bizim üçün çempionat kimi, kubok da vacibdir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

- Cari mövsüm avrokubok uğrunda gərgin mübarizə gedir. Sizcə, hansı komandalar vəsiqə qazanacaq?

- İndiki məqamda nə isə demək çətindir. Çünki hər həftə fərqli nəticələr görürük. İkinci və üçüncü yeri hansı klubun tutacağını bilmirəm. Ona görə ki, bu yerlər uğrunda güclü rəqabət gedir.

- Bu gedişlə “Qarabağ” bu mövsüm də erkən çempion olmağı bacara biləcəkmi?

- Biz hər oyunu belə keçirsək, erkən çempion ola biləcəyik.