BAKI, 6 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynada yerləşdirilməsini istisna etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "BFM TV" kanalı məlumat yayıb.

Makron xalqa müraciətində bildirib ki, Avropanın gələcəyi Vaşinqtonda və ya Moskvada həll olunmur: "Berlin divarının yıxılması ilə son 30 illə bağlı illüziyalar artıq yox olub. Avropa Komissiyasının və Şura sədrinin iştirakı ilə 27 dövlət və hökumət başçısını bir araya gətirəcək Aİ Şurasının fövqəladə iclasında qətiyyətli addım atacağıq".

O, Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsinə razı olduğunu bildirib. Siyasətçinin fikrincə, sülh sazişi imzalandıqdan sonra Avropa qoşunları Ukraynada ola bilər.

"Rusiya Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirib. Şimali Koreya əsgərləri və İran hərbi texnikasının müharibəyə cəlb edilməsi buna misaldır. Biz ABŞ-nin Avropanın tərəfində olmayacağına hazır olmalıyıq. Rusiya Avropaya təhdidə çevrilib. Sülhə gedən yol Ukraynasız mümkün deyil. Ukraynanın təslim olması ilə sülh əldə edilə bilməz. Ukraynada sülh Avropa qüvvələrinin yerləşdirilməsi sayəsində əldə edilə bilər", - Fransa rəhbəri təklif edib.