
BAKI, 5 mart. TELEQRAF
“Səfərə 3 xal qazanmağa gəlmişdik. Uduzmaqdansa, 1 xal qazanmaq daha yaxşıdır”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
Görüşün 72-ci dəqiqəsində rəqib qapısına yol taparaq komandasını məğlubiyyətdən xilas edən 27 yaşlı hücumçu nəticəni qənaətbəxş hesab edib: “Çətin oyun alındı. “Sabah” ciddi rəqibimiz idi. Heç-heçəni ədalətli nəticə hesab edirəm. Matçda ciddi səhvlərimiz olmadı. Döyüşdük-vuruşduq, rəqibə real epizodlar vermədik. Qarşıda hələ oyunlarımız var. Sona qədər vuruşacağıq ki, məqsədimizə çataq”.
Ülvi İsgəndərov növbəti tur “Qarabağ”la oyunda revanş almaq istədiklərini də gizlətməyib: “Hazırda çətin qrafikdəyik, 4 gündən bir oyunumuz var. Çalışacağıq bu oyundan qalib ayrılaq. “Köhlən atlar”a qarşı çətin oyun olacaq. Qış fasiləsindən sonra bütün komandalar vuruşur, 3 xal qazanmaq istəyir. Biz də çalışıb “Qarabağ”dan xal almaq istəyirik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 46 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Elmar Baxşıyevin komandası Premyer Liqanın XXVI turunda martın 8-i “Qarabağ”ı qəbul edəcək.