
BAKI, 6 mart. TELEQRAF
Fransa, Böyük Britaniya və Ukrayna ABŞ üçün müvəqqəti atəşkəs və uzunmüddətli təhlükəsizlik təminatlarını nəzərdə tutan sülh planının hazırlanmasını bir neçə gün ərzində başa çatdırmaq niyyətindədirlər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinə avropalı diplomatlar məlumat verib.
Yüksək səviyyəli diplomat bildirib ki, plan Kiyev və Vaşinqton arasında dialoqu bərpa etmək üçün nəzərdə tutulub. Fevralın 28-də ABŞ-dan hərbi yardımın və kəşfiyyat xidmətinin dayandırılmasına səbəb olan prezidentlərin qalmaqallı dialoqundan sonra iki tərəf arasında münasibətlər kəskin şəkildə pisləşib.
"Biz planın həftələr deyil, günlər ərzində həyata keçiriləcəyini gözləyirik", - mənbə vurğulayıb.
Martın 2-də axşam Londonda Ukraynanın müzakirə olunduğu beynəlxalq təhlükəsizlik sammiti baş tutub. Müzakirələrdə Ukrayna lideri Volodimir Zelenski ilə yanaşı, Böyük Britaniyanın Baş naziri Key Starmer, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.