
Tovuz, 4 mart. TELEQRAF
“Bizi qarşıda bir-birindən çətin oyunlar gözləyir”.
Bunu Teleqraf-a “Zirə”nin futbolçusu Qismət Alıyev Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
29 yaşlı müdafiəçi vacib qələbə qazandıqlarını bildirib: “Tovuz səfəri hər bir komanda - istər "Qarabağ", istərsə də digərləri üçün çətin olub. Bizi də ağır oyunun gözlədiyini bilirdik və komanda şəklində hazırlaşmışdıq. Düşünürəm ki, bu gün çox vacib və önəmli 3 xal qazandıq. Qarşıda bizi "Səbail"ə qarşı yenə vacib oyun gözləyir. Artıq fikrimizi növbəti matça yönəldəcəyik.
“Zirə”nin kapitanı rəqibin son dəqiqələrdə daha aktiv olduğunu deyib: “Hətta hesab 2:0 bizim xeyrimizə olduqda da oyunun taleyinin həll olunduğunu demək olmazdı. Son dəqiqələrdə "Turan Tovuz" bütöv komanda şəklində üzərimizə gəlməyə başlamışdı. Bütün standart vəziyyətləri təhlükəli idi. Biz isə komanda olaraq, səhv buraxmadıq və sonda 3 xal qazandıq.”
Qismət Alıyev “Turan Tovuz”un məşqçisi Ruslan Abışovla nəyi müzakirə etdiyini açıqlayıb: “Oyunun əvvəllərində topu zədələnmiş futbolçuya görə meydandan çıxarmaq üstündə idi. Buna görə rəqib komandanın məşqçisi Ruslan Abışovla danışırdıq. "Turan Tovuz"un futbolçusu İsmayıl Zülfüqarlı iddia edirdi ki, biz topu zədəli oyunçuya görə vurub çıxarmışıq, siz isə topu oyuna daxil edəndə bizə atmamısız. Mən isə izah etdim ki, onların zədəli oyunçuya görə topu çıxardıqlarını görsəydik, onların özlərinə qaytarardıq. Elə də böyük söhbət olmadı”.
O, komandasının hazırki mövqeyi haqda bunu deyib: “İkinci pillədəki yerimizi qorusaq da, komamdamızda rahatlığın yarandığını düşünmürəm. Vaxt var idi ki, ikinci pillədən 13 xal geri düşmüşdük. Hər bir komandanın başına gələcək epizodlar ola bilər. Xal qazana da, qazanmaya da bilərsən. Fikrimcə, hazırda heç bir oyunda rahatlıqla qələbə qazanacağını demək mümkün deyil. Eləcə də heç bir komandada rahatlıq ola bilməz. "Səbail" hazırda sonuncu pillədə qərarlaşsa da, Cavid Hüseynovun baş məşqçi postuna gəlişindən sonra oyunlarında həqiqətən də irəliləyiş var. Bizi qarşıda bir-birindən çətin oyunlar gözləyir. Biz yalnız öz oyunumuzu düşünürük, hansısa komandanın qələbə qazanması və ya xal istəməsi barədə düşünmürük. Fikrimizi oyundan-oyuna yönəldirik. Rəqiblərimizi yox, öz oyunumuzu düşünürük.
Alıyev “Zirə”nin Azərbaycan Kubokunda “Araz-Naxçıvan”a ümumi hesabda 0:3 uduzaraq mübarizəni dayandırmasını da şərh edib: “Oyun baxımından mərhələni keçən tərəf biz ola bilərdik. Bu mövsüm "Araz-Naxçıvan" "Qarabağ"dan sonra ən az top buraxan komandadır. İlk oyunda baş məşqçimiz Rəşad Sadıqov rotasiya etmişdi və 0:1 hesabı ilə uduzmuşduq. Cavab görüşündə isə gözləmədiyimiz anda yenə penaltilərlə qələbə qazandılar - 2:0. 2 oyuna 3 penaltidən qollar buraxdıq. Oyun baxımından onlardan geri qalmırdıq, sadəcə, müdafiədə çox intizamlı çıxış etdilər. Ötən mövsüm ölkə kubokunun finalına çıxmışdıq. Bu, hər bir komanda üçün həqiqətən də böyük bir şeydir. Bu mövsüm isə qarşıda bizi yalnız çempionat oyunları gözləyir və hər biri finala bərabərdir. Kuboku unudaraq, diqqətimizi Premyer Liqaya yönəldəcəyik. Ötən mövsüm də bizim üçün üç gündə bir oyunlar olurdu. Elə futbolçularımız oldu ki, bu il də zədə problemi yaşadılar. Kubokun finalına hər bir komanda çıxmaq istərdi. Amma elə alındı ki, bu mövsüm 1/4 finalda mübarizəni dayandırdıq. Bəlkə də bu, xeyrimizə ola bilər. Diqqətimizi yalnız 2-ci pilləyə yönəltmişik”.