UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.

Günün ilk oyununda Belçikada "Brügge" və İngiltərənin "Aston Villa" komandaları qarşılaşıb. Qonaqlar səfərdə asan qələbə qazanaraq, mərhələ adalamaq şanslarını xeyli artırıblar.

Gecənin qarşılaşmaları arasında turnirin son qalibi İspaniyanın "Real Madrid" komandasının "Atletiko" ilə görüşü daha çox diqqət mərkəzində olub. Yerli azarkeşləri önündə çətin qələbəyə sevinən “Kral klubu” səfər oyunu öncəsi minimal üstülük əldə edib.

İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırmış “PSV Eyndhohen” isə Niderlandda İngiltərə "Arsenal"ına ağlagəlməz hesabla uduzub. Rəqibini səfərdə darmadağın edən londonluları növbəti mərhələdə hesab etmək olar.

Ötən mövsümün finalçısı Almaniya "Borussiya"sı da işini çətinə salıb. Dortmundlular yerli azarkeşləri önündə “Lill”lə bacarmayıblar. Təkrar oyunda “Borussiya”nı Fransada çətin sınaq gözləyir.

Qeyd edək ki, mərhələnin digər 4 oyunu martın 5-də keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

21:45. "Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) – 1:3

00:00. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya) – 2:1

00:00. “PSV Eyndhoven” (Niderland) - "Arsenal" (İngiltərə) – 1:7

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) – 1:1