BAKI, 4 mart. TELEQRAF

“Yaxşı oyun nümayiş etdirib 1 xal qazandıq”.

Teleqraf xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"la 2:2 hesabı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis komandasının çıxışından razı qalıb: “Maraqlı və dinamik oyunun şahidi olduq. Hər iki komanda meydanda hücumun kreativliyi ilə seçilirdi. Oyunçularımın performansından razı qaldım, yolumuza davam edirik. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirib 1 xal qazandıq”.

Baş məşqçi komandasının durumunu şərh edib: “Biz enişdə deyildik. Kim deyir ki, " Araz-Naxçıvan" enişdədir? Komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk. 4 gün əvvəl "Zirə"ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə zədəlilərimiz çoxdur. Ona görə heyət baxımından sıxıntı çəkirik. Komandam öz iddiasından əl çəkməyəcək.