BAKI. 4 mart. TELEQRAF

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXV turunda evdə “Zirə”yə 0:2 hesabla uduzub.

Matçdan sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə bugünkü nəticə barədə fikirlərinizi bilmək istərdik.

- Belə nəticə, əlbəttə, bizi üzür. Növbəti oyunlara baxacağıq. Uzun marafondur. Ümid edirəm lazım olan xalları yığacağıq.

- Ötən həftə AFFA İntizam Komitəsi klubunuzu 20000 manat cərimələdi. Bu barədə nə deyərdiniz?

- AFFA-nın qərarını anlayışla qarşılayırıq. Ölkə futboluna onlar nəzarət edir. Elə uyğun hesab ediblərsə anlayışla qarşılayırıq. Biz də klubun maraqlarını qorumaq üçün mövqelərimizi bildiririk və bildirəcəyik. Bunu dilə gətiririk. Sadəcə üzücü məqam o oldu ki, AFFA ilə dialoqumuzun ən yaxşı vaxtında belə hal baş verdi. Buna görə üzülürük. Bu da futbol ictimaiyyəti və azarkeşlər tərəfindən elə başa düşüldü ki, qarşıdurmadır. Əslində qarşıdurma yoxdur. Bir çox mövzularda AFFA-nın bizə dəstəyi var. İstər lisenziyalaşdırma mərhələsində, klubların yetəri qədər personalı yoxdur və bizə açıq dəstək olurlar. Stadionun standartlarının UEFA meyarlarına uyğunlaşmasında, ağlıma gələn və gəlməyən bütün dəstəyi göstərirlər. Bir çox mövzuda dialoqumuz davam edir. Bizə qarşı verilən qərarın haqsız olduğu düşüncəsindəyik. Amma anlayışla qarşılayırıq. Böyütməyə ehtiyac yoxdur. Nə bu cəzanı alan ilk, nə də son komandayıq.

- Appelyasiya şikayəti verməyi düşünürsünüz?

- Yox. Appelyasiya şikayəti verməməyimizin səbəbi haqsız olmağımız deyil. Sadəcə süni gərginlik yaranmaması nöqteyi-nəzərdən, oyunçularımız, komandamız və azarkeşlərimizin fikrini sadəcə oyunlara yönəlməsi üçün belə uyğun hesab etdik. İdarə Heyəti yenə toplanacaq. Sadəcə ilk düşüncələrimiz Appelyasiya şikayəti verməməkdir.

- Onda da belə fikir formalaşa bilər ki, haqlı AFFA tərəfidir…

- Biz elə düşünmürük. Nəticədə bizim davranışımızda ağır şərəf və ləyaqəti alçaltmaqdan söhbət gedə bilməz. Biz sadəcə klubun fikirlərini dilə gətirdik ki, oyun təxirə salınsın. İstədiyimiz çox böyük şey deyildi. Amma ola bilsin ki, uyğun zaman və mövqedə olmadı. Başqa-başqa səbəblər vardı. AFFA da ölkə futboluna nəzarət edir. Onlar belə uyğun hesab etdilər. Ona görə böyüdüləsi məsələ deyildi.

- Bəlkə bu bəyanat sırf şübhəli hakimliklə bağlı idi…

- VAR sistemini ona görə gətiriblər ki, hakim də insandır, görməyə bilər. Əsla belə şey düşünmədik. Bəzi məqamları görməyə bilər deyə belə müraciət etdik. Klubun istəyidir, dünyanın sonu deyil ki... Biz istədik, onlar da yox dedi. Oldu, bitdi.

- Bəs AFFA sizdən fakt istədi?

- Yəqin konkret oyunla əlaqədar istəyiblər. Ondan sonra görüşümüz və normal dialoqumuz olub. AFFA-nın yeni baş katibi ilə görüşmüşük. Nüanslara aydınlıq gətirilib, ciddi mövzu yoxdur. Azarkeşlərimizə də səslənirik ki, narahat olmasınar, “Turan Tovuz”un maraqlarını hər halda, hansı şəraitdə olsa da qoruyacağıq. Amma burda böyüdüləsi mövzu yoxdur. Cəriməyə görə narahat olmasınlar.

- Sosial şəbəkələrdə belə reaksiyalar verildi ki, sponsor gəlib, bu tip şeylərə görə klubdan küsdürə bilər. Belə hal baş verə bilər?

- Əsla. Dediyim kimi, üzüldüyüm səbəb dialoqumuzun ən yaxşı vəziyyətindəikən olmasıdır. Yeni qərarlar var, strateji plan qəbul olunub. Biz klublar olaraq dəstək olmalıyıq. Onların icrasında nəticəsini görməliyik. Əsla özümüzə qarşı qərəzli mövqe görmürük. Əksinə daha müsbət, pozitiv addımlar müşahidıə edirik. Bundan sonra yenə hakim səhvləri olsa etirazımızı bildirəcəyik. Yaxşı şeyləri o qədər az dilə gətirirk ki... Əvvəl bildirdiyim kimi, Hakimlər Komitəsininə gözəl təyinat olub. Keçənillə bu ili müqayisə etmək lazımdır. Addım- addım baxmalıyıq. Keçən illə bu il hakimlər nəzərindən, Hakimlər Komitəsindən oyunlar haqda fikirlər bildirməsinə nəzərən irəliləyiş var. Açıq-aşkar hər şeyi deyirlər. Bəzən suallar cavabsız qalır, hər şeyi də deyə bilməzlər. Səssiz durmaları belə özümüzə mesajdır ki, biz haqlı mövqedəyik. UEFA-nın təlimatları var ki, hakimlərin səhvləri çox qabardılmasın. Ona görə də hər şeyə reaksiya verilməməsini də anlayışla qarşılayırıq. CBC Sport komandasına da narazılığımız yox idi. Hava şəraitini biz də görürdük. Mən də oyuna gedə bilməmişdim. Onlar çox ciddi işlər görür, əziyyət çəkirlər. Ağlımıza gələn ən son şey çəkilişin niyə gəlməməsi deyildi. Sadəcə oyun nədən ötrüdür, onlar baxmaq istəyirdi. Biz dedik ki, azarkeşlər də izləsin. Bu da oldu, keçdi.