
BAKI. 25 fevral. TELEQRAF
“Bu cür hallar dünya futbolunda çox baş verir. Lakin heç də hamısı belə cəzalarla nəticələnmir”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev AFFA İntizam Komitəsinin kluba tətbiq etdiyi 20000 manat cərimə ilə əlaqədar fikirlərini bölüşərkən deyib.
AFFA bu cəzaya səbəb kimi Tovuz təmsilçisinin Azərbaycan Premyer Liqasının XXIV turunda “Şamaxı”ya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bəyanatını göstərib. Klub VAR sistemi və çəkiliş olmadan oyunun şəffaf keçəcəyinə dair şübhələrinin olduğunu bildirib və matçın təxirə salınmasını istəyib.
33 yaşlı futbolçu isə "Şamaxı" ilə oyunun ağır şəraitdə keçdiyini söyləyib: “Stadionun vəziyyəti çox da yaxşı deyildi, meydança qar üzündən futbol oynamaqda müəyyən çətinliklər yaradırdı. Fərqi yoxdur, udmağımıza baxmayaraq, çətin səfər oldu. Təxirə düşsəydi daha yaxşı olardı. Yəni, o cür meydanda futbolçulara heç də asan olmadı. Klubun qərar verəcəyi mövzulara hansısa şərh verməyim, hakimliklə bağlı ümumiyyətlə, əlavə nə isə deməyim doğru deyil. Yəni, hakim də insandır, səhv edə bilər. Hər şeyə rəğmən, oyunlarımızı keçirərək, mövsümün sonunda Avropaya yollanmaq istəyirik”.
Əliyev yaşıl meydanlara dönüşünün hələ də baş tutmamasını bərpa dövrü ilə əlaqələndirib: “Məşqlərə çıxıram. Yəqin ki, “Zirə” ilə matça qədər bərpam bitər, meydana qayıda bilərəm. “Qarabağ”la oyundan öncə ayağımda fəqərəarası diskin yırtılması baş verdi. Həkimlər oynamaq üçün uyğun saymadığından ötən matçlarda komandama kömək edə bilmədim. Ümid edirəm ki, tezliklə meydana qayıdacağam”.
Qeyd edək ki, “Turan Tovuz” martın 4-də Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə”ni qəbul edəcək. Kurban Berdıyevin komandası 42 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.