BAKI, 25 fevral. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunun 150 - 200 əməkdaşı işdən çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə klubun icraçı direktoru Omar Berrada açıqlama verib. Berrada klub strukturunun transformasiyasına və yenilənməsinə başlayacaqlarını bildirib:

"Biz "Mançester Yunayted"in kişilər, qadınlar və akademik komandaların ən güclü vəziyyətdə olmalarına məsuliyyət daşıyırıq. Təəssüf ki, bu, gələcək ixtisarların mümkünlüyünü açıqlamağımız anlamına gəlir. Təəssüf ki, bu, əməkdaşlarımıza təsirsiz ötüşməyəcək. Lakin bu çətin qərarlar klubu sabit maliyyə dayaqlarına qaytarmaq üçün lazımdır. Son 5 ildə ardıcıl maliyyə itkilərinə yol vermişik. Bu, belə davam edə bilməz. Məqsədlərimiz azarkeşlərimiz üçün meydanda uğur əldə etmək və klub inftastrukturunu daha da yaxşılaşdırmaqdır. Daim pul itirdiyimiz hədəflərə investisiya qoya bilmərik".

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted"in qənaət məqsədilə əməkdaşları üçün pulsuz naharları ləğv etdiyinə dair xəbərlər yayılıb.