
BAKI, 24 fevral. TELEQRAF
Türkiyə Super Liqasında XXV turun "Qalatasaray" - "Fənərbağça" oyunu tarixə keçəcək.
Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, ilin ilk İstanbul derbisi Türkiyə futbolunun ən bahalı qarşılaşması olacaq. İki əzəli rəqibin heyətlərinin bazar qiyməti 519,23 milyon avro dəyərində göstərilir.
"Sarı-qırmızı"lı oyunçuların ümumi dəyəri 277,23 milyon avro olduğu təqdirdə, "sarı-göylər"də bu rəqəm 242 milyon avro təşkil edir.
"Qalatasaray"ın futbolçusu Viktor Osimhen 75 milyon avro ilə derbinin ən bahalı oyunçusu olacaq. Nigeriyalının komanda yoldaşı Qabriel Sara 23 milyon avro ilə ikinci sıradadırsa, "Fənərbağça"nın mərakeşli futbolçuları Sofyan Amrabatla Yussef En-Nesiri isə 22 milyon avro ilə üçüncü pilləni bölüşdürürlər.
Qeyd edək ki, bu gün "RAMS Park"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edəcək. "Qalatasaray" 63 xalla Super Liqanın lideri, "Fənərbağça" isə 6 xal az toplayaraq ikincisidir.