
TBİLİSİ, 25 fevral. TELEQRAF
“Avropa İttifaqının Gürcüstana və Gürcüstan hökumətinə yanaşması çox ədalətsizdir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Cenevrədə gürcü jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, bu yanaşmanın səbəbi Brüsseldə bütün vətənpərvər, mühafizəkar, sağçı hökumətlərə nifrətin olmasıdır.
XİN başçısı hesab edir ki, Gürcüstandakı seçkilərdə müxalifət qalib gəlsəydi, o zaman Brüssel çox sevinərdi.
“Onlar bildirirdilər ki, Gürcüstanda demokratiya ən yaxşı formadadır, lakin seçkinin nəticələri onların zövqünə uyğun gəlmədikdən sonra hücumlara başladılar. Macarıstanda da belədir. Biz 15 ildir hakimiyyətdəyik və hücuma məruz qalırıq, çünki biz vətənpərvər, mühafizəkar siyasət yürüdürük və milli maraqları hər şeydən üstün tuturuq”, - P.Siyarto söyləyib.
Nazir, həmçinin qeyd edib ki, ABŞ-nin yeni administrasiyasının rəhbərliyi altında həm Macarıstan, həm də Gürcüstan hökumətləri üçün vəziyyət kökündən dəyişib.