
BAKI, 25 fevral. TELEQRAF
Xocalı soyqırımının 33 ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonundakı “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri görülür.
Teleqraf xəbər verir ki, anım günü ilə bağlı ərazidə abadlıq işləri aparılır. Abidənin yerləşdiyi parkda müxtəlif dekorasiyaları əks etdirən gül və kolların əkilməsi həyata keçirilib.
Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da minlərlə insan abidəni ziyarət edir.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb.