BAKI, 25 Fevral. TELEQRAF

Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir.

Bu barədə Teleqraf-a Hakimlərin Seçki Komitəsindən bildirilib.

Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının cari ilin sentyabr ayının 21-də keçirilməsi qərara alınıb:

"Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilmişdir.

İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcəkdir.

Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt ([email protected]) ünvanı vasitəsilə qəbul edilir.

Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62".