BAKI, 24 fevral. TELEQRAF

“Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq".

Teleqraf-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə keçirilmiş İnkişaf Kubokunda komandasının çıxışı barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis təəssüflə bildirib ki, üçüncü yeri tutma şansları alınmayıb. Lakin o, komandasındakı futbolçulardan razılıq ifadə edərək, onların tapşırıqları düzgün yerinə yetirməyə çalışdıqlarını vurğulayıb.

Yadullayev üçüncü yer uğrunda görüşdə Özbəkistan yığmasına məğlubiyyəti belə şərh edib: “Bu komanda ilə ilk dəfə üz-üzə gəlmirdik, bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam performanslarını göstərə bilmədilər. Buna rəğmən komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.

Qeyd edək ki, qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 millisi üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.