BAKI, 25 fevral. TELEQRAF

Donald Tramp Kanada və Meksikaya tətbiq olunacaq gecikdirilmiş rüsumların gələn ay qüvvəyə minəcəyini deyib. O həm də, Çinin ABŞ-yə investisiya qaydalarının sərtləşdiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

"Rüsumlar vaxtında, plan üzrə qüvvəyə minəcək", – Tramp Kanadaya və Meksikaya tətbiq olunacaq gecikdirilmiş rüsumların qüvvəyə minib-minməyəcəyi ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

Qeyd dək ki, Tramp bu bəyanatı Rəsmi Pekinin texnologiya, enerji və digər strateji ABŞ sektorlarına sərmayəni məhdudlaşdıran memorandumu imzalamasından sonra səsləndirib.

Xatırladaq ki, Tramp əvvəlcə ayın əvvəlində Kanadaya və Meksikaya 25% rüsum, Kanada neftinə isə 10% vergi tətbiq etmək planını elan etmişdi. Qərarın 4 fevralda qüvvəyə minəcəyini bildirmişdi. Daha sonra isə hər iki ölkənin qanunsuz miqrasiya və narkotik maddələrin qaçaqmalçılığının qarşısını almaq üçün sərhədlərə nəzarəti gücləndirməyə razılaşmasından sonra bu qərarı bir ay təxirə salmışdı.