BAKI, 25 fevral. TELEQRAF

Ötən yazımızda Dağlılar Respublikasının Azərbaycandakı səfiri olmuş Əli xan Kantemirin ömür yoluna nəzər salmış, onun Qafqazdakı və mühacirətdəki fəaliyyətinə dair önəmli məqamları xatırlatmışdıq. Geniş maraq doğurduğu üçün bu yazımızda Əli xanın iki önəmli məqaləsi haqqında bəzi məlumatları qeyd edəcəyik.

1938-ci ilin noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfat edib. Mühacirətdə yaşayan liderlər Avropada çıxartıqları məcmuələrdə bu ölümlə bağlı məqalələr qələmə alıb, hökumətə başsağlığı veriblər. Məsələn, Məhəmmədəmin Rəsulzadə həm İsmət İnönüyə, həm də parlamentin sədri Əbdülxalıq Rendaya başsağlığı teleqramı göndərib. Eyni zamanda onun baş redaktoru olduğu “Qurtuluş” jurnalında türkcə, “Şimali Qafqaz” dərgisində rusca, “Wschod Orient” mətbu orqanında isə polyakca Atatürk haqqında geniş məqaləsi dərc edilib. Həm “Qurtuluş”, həm də “Şimali Qafqaz” dərgisi qapağında Mustafa Kamal paşanın böyük təsvirini verib. Sonrakı illərdə Atatürkün dəfnində iştirak edən azərbaycanlı mühacirlərdən Mustafa Vəkiloğlu da onun haqqında geniş bir məqalə qələmə alıb. Xatırladaq ki, Atatürkün dəfnində Vəkiloğlu ilə birgə azərbaycanlılardan Xəlil bəy Xasməhəmmədov və Xosrov bəy Sultanzadə də iştirak ediblər. Azərbaycanlı mühacir, professor Əhməd Cəfəroğlu da sonrakı dövrlərdə Atatürk haqqında iki önəmli məqalə yazıb.

Şimali Qafqaz liderləri arasında Türkiyəyə və Mustafa Kamal Atatürkə böyük sevgisi ilə tanınan Əli xan Kantemir isə Heydər Bammatın baş redaktorluğu ilə çıxan “Kafkas Eli” dərgisinin 1939-cu ilin yanvar-fevral ayında çıxan ilk sayında “Atatürkün vəfatı” adlı məqalə qələmə alıb. O, yazısının girişində Atatürkü “zəmanənin ən böyük adamı”, “Türkiyənin xilaskarı və yaradıcısı”, “cümhuriyyətin banisi” olaraq ifadə edib, vəfatının şəhərlərdən ən ucqar kəndlərə qədər hər kəsi yasa boğduğunu bildirib: “Böyük Tanrının cızdığı yolları kimsə anlamaz, onlar müəmmalıdırlar. Tale türk millətinə Türkiyənin tam çöküşü və milli izzəti-nəfsinin çeynəndiyi sırada Atatürkün şəxsində böyük bir qurtarıcı və böyük bir mürşid verdi. Eyni tale eyni adamı amansız əliylə onun qüvvətli bir çağında zamanından əvvəl aldı”.

Məqaləsinin davamında Atatürkün keçdiyi yola nəzər salan Kantemir milli mücadilə hərəkatı ilə Yunanıstana və onun arxasında dayanan İngiltərəyə qarşı əfsanəvi bir hərb apardığını yazıb: “Bu hərbdə Mustafa Kamal dahi bir əsgər, eyni zamanda uzaqgörən bir diplomat və siyasi vəsflərini ən geniş miqyasda göstərmişdir”.

Kantemir işğalçıların Türkiyədən çıxarılmasından sonra qılıncını qınına qoyan Atatürkün istirahət etmədiyini, yeni bir mərhələyə keçdiyini yazıb:

“Yorulmaz enerjisi ilə milli dövlətin sosial, mədəni və iqtisadi məsələləri ilə məşğul oldu. Əski Osmanlı xanədanı taxtdan endirildi, bu ailənin bütün üzvlərinə məmləkəti tərk etməsi bildirildi. Xəlifəlik ləğv edildi. Eyni zamanda din dövlət işlərindən ayrıldı. Milli cümhuriyyət rejimi ən geniş bir şəklində əbədiyyən qurulmuş oldu… Cəbhələrdə düşməni məğlub edən fikir, qüvvət və qalibiyyət bu səfər orta əsrlər cəhalətinə də qələbə çaldı. Atatürkün qan tökülmədən müvəffəq olduğu inqilablar mədəni aləmi heyrətə saldı, sevən bir atanın gah oxşayan, gah sərt əliylə edilən əməliyyatdan sonra gözlərini açmış olan türk millətinin özü də bu mədəni dəyişikliyə və davamlı təkamülə heyran qaldı. Həqiqətən də, qadının qapalı həyatdan qurtulması, yeni latın hərflərinin qəbul edilməsi, maarif işlərinin və ədliyyənin düzəldilməsi, İsveçrə mədəni qanununun qəbulu… kimi Atatürkün millətinə hədiyyə etdiyi bu ilhamverici böyük inqilab əsərləri, təkcə öz millətinə deyil, bütün bəşəriyyətə etdiyi xidmətləri onun böyüklüyünü və dəyərini göstərməkdədir”.

Kantemir yazısında Mustafa Kamal Atatürklə Səlahəddin Əyyubini müqayisə edib:

“İki böyük türk arasında, yəni Aslanürəkli Riçardın səfərini məğlub edən Səlahəddin Əyyubi ilə bundan yeddi əsr sonra Lloyd Corcun səfərini qıran Atatürk arasında şəxsi həyatları etibarilə bir çox müştərək nöqtələri olduğu kimi siyasi mücadilələrində və məmləkətlərinin istiqlalını qəhrəmancasına müdafiə etmələrində də böyük oxşarlıqlar vardır. Səlahəddin Əyyubi o zaman Şərqin daha ali mədəniyyətini müdafiə edirdi, Atatürk isə bugünkü Avropanın ali mədəniyyətinə sərbəst və azad daxil olma haqqını müdafiə etmişdir. Atatürkün bəşəriyyətə qarşı ən böyük xidməti düşmənini məğlub etdikdən sonra Şərq və Qərb mədəniyyətlərinin bir-biri ilə mənəvi barışı üçün əlindən gələn bütün qüvvətləri sərf etməsində və bunda müvəffəq olmasındadır. Bu baxımdan Atatürkün qüvvəti əbədidir. Tarix və gələcək nəsillər üçün Atatürk ölməzdir”.

Məqaləsinin sonunda o, Atatürkdən sonra hökumətin başına keçən İsmət İnönüyə məsuliyyətli və şərəfli işində uğurlar diləyib.

Erməni məsələsi və Qafqaz

“Kafkas Eli” jurnalının bu sayında Əli xan Kantemirin “Erməni məsələsi və Qafqaz” adlı məqaləsi də dərc olunub. O, yazısının girişində ermənilərin Qafqazdan əlavə Qafqazdan kənardakı keçmiş torpaqlarına da iddia etdiklərini bildirib, ermənilərin bu səbəbdən digər Qafqaz millətlərindən ayrıldığını yazıb: “Buna görə də erməni milli bayrağının üstündə Qafqaz rəngləri görülməməkdədir, xaricdəki erməni siyasətçiləri bu və ya digər Qafqaz millətçi təşkilatları ilə əməkdaşlıq etməməkdədirlər”.

Kantemir “ermənilər qafqazlıdırlarmı, deyillərmi?” sualının aktual olduğunu, buna görə də ermənilərin davranışlarının Qafqazın qurtuluş hərəkatlarının qarşısında böyük bir maneə olduğunu bildirib. O, Türkiyə, İran, Rusiya torpaqlarında yaşamış ermənilərin ən qüvvətli, ən geniş kütləsinin Qafqazda olduğunu, Rusiyanın İran və Türkiyə ilə apardığı qanlı müharibələrdən sonra imzalanan müqavilələr nəticəsində öz hakimiyyəti altında topladığını yazıb: “Erməni milləti əsrlərlə bu üç imperiyada bir-birinə bənzəməyən şərtlər içində yaşamış, hər biri yaşadığı mühitə görə fərqli bir sima təşkil etmişlər. Bu uzun dövrlərdə rus, türk və İran erməniləri məsafə və zamanla bir-birindən ayrı yaşadıqlarından aralarındakı əlaqələr də olduqca zəifləmişdir”.

Məqaləsinin davamında o, rusların ermənilərdən necə istifadə etdiyini açıq şəkildə qeyd edib: “Boğazlara və İskəndəruna qədər əllərini uzatmaq istəyən və Aralıq dənizinə hakim olmaq üçün planlar quran rus imperialist hökuməti ermənilərin milli istəklərini böyük Ermənistan çərçivəsi daxilində vücuda gətirməyi vəd etdi və bu xülya sayəsində hərbi-ümumidə erməni millətinin canını və malını Türkiyənin əleyhində istifadə etdi”.

Kantemir daha sonra ermənilərin rusların verdiyi vədlərin puç olduğunu gördükləri üçün onlara qarşı mövqe tutmalarının gözlənildiyi halda, onlardakı rus dostluğunun daha güclü çıxdığını ifadə edib. Onun yazdığına görə, Zaqafqaziya Seyminin müzakirələrində erməni və gürcü siyasətçilər Türkiyə ilə müharibənin tərəfdarı olduqlarını, Osmanlı ərazisində erməni muxtar vilayətinin qurulmasının vacibliyini müdafiə ediblər. Qafqazda erməni dövlətinin qurulmasından sonra da ermənilər arasında Türkiyə torpaqlarına iddiaların davam etdiyini yazan Kantemir Sevr müqaviləsində erməni Axaronyanın da iştirakının təsadüfi olmadığını yazıb.

Kantemir erməni iddialarına uyğun olaraq general Harbortun bölgədə tədqiqat apardığını, ermənilərin köçürülməsindən öncə də ərazidə türklərin sayının daha çox olduğunun raport edildiyini bildirib.

Əli xan məqaləsinin sonunda erməni psixologiyasını dəqiq ifadə edib: “Həqiqətən, etiraf etmək lazımdır ki, erməni diplomatiyası və erməni psixologiyasında qonşularla yaxşı keçinmək kimi çox mühüm olan həyati vəsflər əskikdir. Ermənilər türklərlə yola getmədilər, gürcülərlə yola getmədilər, azərbaycanlılarla yola getmədilər. Nəhayət, Denikinə dost bir əl uzatmaq surətiylə öz istiqlalını müdafiə etmək üçün ağ ruslarla vuruşan şimali qafqazlılara qarşı da dürüst bir vəziyyətdə olmadılar. O zamankı ağ rus mətbuatından əldə etdiyimiz məlumata görə, erməni ordusu ağ rus ordusunun 7-ci firqəsini təşkil edirdi”.

Beləliklə, Şimali Qafqaz liderlərindən, dövrə şahid siyasətçilərdən biri olan Əli xan Kantemirin “Erməni məsələsi və Qafqaz” adlı məqaləsi ermənilərin Türkiyədəki və Qafqazdakı fitnəkar hərəkətlərini bir daha təsdiq etməkdədir.