
Futbol üzrə Türkiyə Super Liqasında XXV turun "Qalatasaray" - "Fənərbağça" matçı başa çatıb.
Teleqraf xəbər verir ki, İstanbuldakı "RAMS Park"da keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 0:0.
Qarşılaşmanı 55 illik fasilədən sonra əcnəbi baş hakim - sloveniyalı Slavko Vinçiç idarə edib. O, oyun ərzində meydan sahiblərinin 4, qonaqların 3 futbolçusuna sarı vərəqə göstərib.
12-ci dəqiqədə "Fənərbağça" qol vursa da, baş hakim həmin epizodda qayda pozuntusu qeydə alaraq, hesaba almayıb. VAR-ın da təsdiqindən sonra oyun davam edib.
33-cü dəqiqədə meydanda gərgin anlar yaşanıb. "Qalatasaray"ın hücumçusu Viktor Osimhen rəqib oyunçu Yusuf Akçiçeklə mübarizədə yerə yıxılıb. Osimhen və "Qalatasaray" cəbhəsi sarı vərəqə gözləsə də, referi VAR hakimi ilə danışdıqdan sonra oyunu davam etdirib. Bu zaman nigeriyalı forvard "Fənərbağça"nın ehtiyat oyunçular skamyasındakı Mert Hakanla söz savaşına çıxıb. Onun "sus" işarəsindən sonra ehtiyat oyunçular skamyasındakı futbolçular da mübahisəyə qoşulublar. Baş hakim hər iki komandanın menecerlərinə sarı vərəqə göstərib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə tərəflərin qol cəhdləri fayda verməyib.
Beləliklə, xalını 64-ə çatdıran lider "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbağça" ilə 6 xallıq fərqi qoruyub.