.jpg)
BAKI, 25 fevral. TELEQRAF
Azərbaycanın fəal gəncləri ilə birgə Qərbi Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı məsələləri həm beynəlxalq konfranslar çərçivəsində, həm də ölkə miqyaslı tədbirlərdə qaldırmışıq.
Teleqraf xəbər verir ki, bunu bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, gənclər bu prosesin fəal iştirakçısı olmalıdırlar.
“Bu gün də İcma ilə birlikdə təşkil etdiyimiz bu tədbirdə biz yenə də gənclər auditoriyası qarşısında çıxış edirik. Qarşıdakı dönəmdə onların hansı məsələlərə diqqət etməli olduğunu müzakirə edəcəyik. Xüsusilə dünyada gedən proseslər və bu proseslərin gəncliyin ruhuna, düşüncəsinə, gələcək planlarına təsiri etdiyi məqamda milli kimlik məsələsini yurd və onun insanın formalaşmasındakı rolunu yenidən dəyərləndirməsinə ehtiyac olduğunu onların diqqətinə çatdıracağıq. Mən düşünürəm ki, onlar bu məsələləri yaxşı hiss edirlər və əlbəttə ki, reallaşdırılan layihələrin fəal iştirakçısı olacaqlar. Bundan başlanan işimiz Zəngəzura qayıdana kimi davam edəcək. Bu iş gənclərin qayıdıb orda öz ata-baba yurdlarına sahib çıxana və ləyaqətli qayıdış təmin olunana qədər davam etməlidir”,- deyə B. Muradova qeyd edib.
O gənclərə üz tutaraq deyib ki, biz kitablarda, televiziyalarda gördüyümüz torpaqlara artıq səfər edirik.
"Siz haqqında kitablarda oxuduğunuz torpaqlara valideynlərinizlə birlikdə səfər edə bilirsiniz və ata-ananızın üzündəki sevinci görə bilirsiniz. Bu gün su çərşənbəsidir. Əvvəllər Novruz çərşənbələrini Qarabağda qeyd etməyi niyyət edirdik, bu, gerçəkləşdi.
Mənə maraqlı gəldi ki, görəsən Xocalıda o vaxtı hansı gün imiş, geri qayıdıb baxdıqda çərşənbə gününün olduğunu gördüm.
Bu gün də çərşənbədir və bu gün Xocalı azaddır.
Mən inanıram ki, biz Qərbi Azərbaycana qayıdacağıq və bu çərşənbəni orada da qeyd edəcəyik", - deyə o əlavə edib.
Qeyd edək ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qərbi Azərbaycan İcması ilə birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilib. Konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqında məlumatlandırmaqdır.
Konfransda Ağsaqqallar Şurasının üzvü, sabiq hakim İlqar Abasov, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, həmçinin uşaqlar və gənclər iştirak edib.