BAKI, 25 fevral. TELEQRAF

“Qalatasaray” klubu “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun cəzalandırılmasını tələb edir.

Teleqraf xəbər verir ki, portuqaliyalı məşhur mütəxəssis irqçi şüarlar səsləndirməkdə ittiham olunur.

Mourinyo “Qalatasaray”lı futbolçuların hakimə təzyiq göstərərək “Fənərbağça”nın müdafiəçisi Yusuf Akçiçekin cəzalandırılmasına çalışdıqlarını deyib.

O, həmin epizodu şərh edərkən bildirib: “Hakimə təşəkkür etməliyəm. Çünki digər skamyada oturanların hamısı meymun kimi tullanırdı”.

“Qalatasaray”ın həmin açıqlamaya rəsmi mövqeyi isə belə olub: “Mourinyo Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqına qarşı aşağılayıcı ifadələr işlədib. Bu gün əxlaqsız ifadələrinə qeyri-insani düşüncələrini də əlavə edib.

Mourinyonun irqçi şüarlar səsləndirməsi ilə bağlı iddia qaldıracağıq. Bununla bağlı UEFA və FİFA-ya da şikayət edəcəyimizi bəyan edirik”.

Qeyd edək ki, qolsuz başa çatan “Qalatasaray” – “Fənərbağça” derbisininin baş hakimi sloveniyalı Slavko Vinçiç olub.