BAKI. 25 fevral. TELEQRAF

Taekvondo növündə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının hesablanma qaydalarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Taekvondosu (World Taekwondo) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri əsasında daha ədalətli və dinamik reytinq sisteminin yaradılması məqsədilə qərar qəbul edib.

Yeni sistemə əsasən, reytinq xalları hər il 50 faiz azaldılacaq, bütün olimpiya reytinq xalları isə hər iki illik dövrün sonunda sıfırlanacaq. İlkin faza 2024-cü ilin iyulundan 2026-cı ilin iyununadək, ikinci faza isə 2026-cı ilin iyulundan 2028-ci ilin iyununadək dövrü əhatə edəcək.

Məsələn, idmançı 2024-cü ilin oktyabrında 40 xal qazanıbsa, bu xallar 2024-cü ilin noyabr reytinqində əksini tapır. Lakin 2025-ci ilin noyabrında xallar 20-yə endiriləcək, ikinci fazanın başlayacağı 2026-cı ilin iyulunda isə tam silinəcək. Eyni qaydada, 2025-ci ilin oktyabrında qazanılacaq reytinq xalları 2026-cı ilin iyununadək qüvvədə olacaq, 2026-cı ilin iyulunda ikinci faza başlayan kimi silinəcək.

İlkin fazada qazanılmış reytinq xalları ikinci fazadakı Qran Pri tədbirləri üçün tələblər və səpələnmələrə uyğunluğu müəyyənləşdirmək üçün istifadə olunacaq. İlkin fazada reytinq xallarının alınması ikinci fazada Qran Pri turnirlərinə vəsiqə və dünya çempionatlarında səpələnmələr baxımından mühüm əhəmiyyətə malikdir.

İkinci mərhələdə reytinq xalları olimpiadalara lisenziyaları müəyyənləşdirəcək. 2028-ci ilin yanvarında dərc olunacaq olimpiya reytinqi əsasında hər bir çəki dərəcəsində ilk 5 yeri tutanlar Los-Anceles olimpiadasında iştirak hüququna avtomatik yiyələnəcəklər. Bundan başqa, Oyunlar üçün səpələnmə 2028-ci ilin iyun reytinqi əsasında aparılacaq.

Çəki dərəcəsini dəyişdirmək istəyənlər isə bunu artıq hər ilin yanvarında deyil, 1 - 25 mayda edə biləcəklər. Seçilmiş çəki dərəcəsi cari ilin 1 iyunundan növbəti ilin 31 mayınadək qüvvədə sayılacaq.

Grand Prix Challenge-də iştirak hüququnun genişləndirilməsi

Grand Prix Challenge (G2) ilk dəfə 2022-ci ildə mövcud olub və daha aşağı reytinqli olimpiyaçı-idmançılara iştirak hüququ verib. Lakin yeni olimpiya reytinqi təsiklində təsnifat tələbləri genişlənib və indi reytinqindən asılı olmayaraq, bütün idmançıları özündə birləşdirir. Bununla belə, hər bir çəki dərəcəsində iştirakçı sayına yuxarı hədd qoyulacaq. Hər bir ölkə istənilən çəkidə canlı növbə əsasında maksimum 4-5 idmançıya malik ola bilər. Hər bir kateqoriyada ümumi iştirakçı sayı isə 50-ni keçməməlidir.

2025-ci ildə Grand Prix Challenge 1, 2 və 3 yarışlarında ilk 3 yeri tutan idmançılar 2026-cı ildə müvafiq olaraq, Grand Prix Series-in 1, 2, 3 yarışlarına vəsiqə qazanacaqlar. Analoji qaydada ikinci mərhələdə Grand Prix Challenge-də ilk 3 yeri tutacaq taekvondoçular Grand Prix Series 1, 2, 3-ə yüksələcəklər.

Bir ölkənin ikidən çox idmançısı ilk "3-lüy"ə düşsə, Qran Pri seriyasındakı yer ən yüksək reytinqlisinə, qalan yerlər isə digər ölkənin növbəti reytinqlisinə veriləcək.

Bu il Grand Prix Challenge iyunda ABŞ-ın Şarlotta, avqustda Cənubi Koreyanın Muju və noyabrda Tailandın Banqkok şəhərində təşkil olunacaq. Qran Pri seriyası və final 2026 və 2027-ci illərdə, Grand Prix Challenge-in daha bir raundu 2027-ci ilin əvvəllərində olacaq.

Los-Anceles-2028 olimpiadasına avtomatik lisenziyaların verilməsində yenidən baxılan meyarlar

Əvvəllər Böyük Dəbilqə reytinqində 1-ci yeri tutan taekvondoçu olimpiya reytinqində də ilk "5-liy"ə daxil idisə, lisenziya olimpiya reytinqində növbəti yeri tutana verilirdi. Yeni sistemə əsasən, olimpiya lisenziyası Böyük Dəbilqə reytinqində 2-ci yerin sahibinə təqdim olunacaq. Lakin Böyük Dəbilqə reytinqində 2-ci yerdə gedən idmançı olimpiya reytinqində də "5-liy"ə daxildirsə, xallar üzrə avtomatik vəsiqə ləğv olunacaq və olimpiya lisenziyası olimpiya reytinqində növbəti yerin sahibinə veriləcək.