BAKI, 12 fevral. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən böyük hesablı nəticəsi təkrarlanıb.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXII turda “Səbail”i qəbul edən “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib.

Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.

Bundan başqa, “Səbail”lə görüşdə 18 dəqiqəyə 5 qol vurub. Ağdam klubu 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisidir. 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub.

2012/2013 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60 - 73-cü dəqiqələrdə buna imza atıb. Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.