BAKI, 11 fevral. TELEQRAF

Braziliyalı futbolçu Aleks Fernandesin “Neftçi”yə keçidi rəsmiləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Bakı klubunda 11 nömrəli formanı geyəcək.

Gənc futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Qeyd edək Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.