BAKI, 11 fevral. TELEQRAF

Rusiyanın "Dinamo Moskva" klubunun futbolçusu Andrey Lunyov sport24.ru saytına müsahibə verib.

Teleqraf "Qarabağ"ın sabiq qapıçısının Ağdam təmsilçisi barədə verilən suallara cavablarını təqdim edir:

- Almaniyadan sonra “Qarabağ”a avrokuboklarda oynamaq istəyinizdən getmişdiniz...

- Nə demək istəyirsiniz?

- Rus futbolçulara xas olmayan şəkildə xarici ölkədə inkişaf etmək kimi qeyri-adi istəyiniz var idi. Bu yay niyə "Dinamo"ya keçdiniz?

- Bu qərarı ailəmlə birlikdə, bir çox səbəblərə əsaslanaraq verdik.

- İzah edin.

- Hər şey çox sadədir. Oğlumun bu il beş yaşı tamam oldu, məktəbə az qalıb, hazırlıqlar başlayır. Artıq daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt yetişib. Ona görə də doğulub boya-başa çatdığım Moskvaya qayıtdım.

- Amma ən azı bir il də Avropada oynamaq olardı...

- Razıyam. Mənə bir neçə təklif var idi, amma yüksək liqalardan yox. Bəli, Avropa çempionatı bitənə qədər gözləyə bilərdim. Amma o vaxta qədər “Dinamo” yəqin ki, özünə başqa qapıçı tapacaqdı. Eyni anda iki stulda oturmaq olmaz.

- “Qarabağ”da qalmağı təklif etmədilər?

- Təklif etdilər. Orada hər şeydən razı idim, Bakı super şəhərdir, çox rahatdır. Məmnuniyyətlə qalardim, amma Moskvada uşağın inkişafı üçün daha çox imkanlar var.

- Rusiyadan yeganə təklif “Dinamo”dan oldu?

-Belə demək olar. "Dinamo"nun təklifi konkret idi. Dmitri İzotovla ("Dinamo"nun qapıçılarının məşqçisi - red.) telefon danışığım oldu, o, dərhal klubun mənimlə maraqlandığını bildirdi. “Dinamo” iddialı, hədəfləri yüksək olan klubdur. Mənə uyğundur.

- 2021-ci ildə "Bayer"ə gedəndə axır-əvvəl Rusiyaya qayıdacağınızı bilirdiniz?

- Xeyr. Almaniyada hər şeyin necə olacağını bilmirdim. Bəlkə də hər şey başqa cür getsəydi, ailəmin həyatını ciddi şəkildə tənzimləməliydim, sonra kim bilir, bəlkə də qalacaqdım. Lakin sonda "Bayer"də gözləntilərim reallıqla üst-üstə düşmədi.

- Transferdən 6 ay sonra "Bayer"də debüt etdiniz. Niyə belə gec?

- Ora gedəndə rəhbərlik mənə izah etdi: “Bizim Hradeçkimiz var, ona inanırıq. Amma sən də onunla rəqabət aparacaq bütün keyfiyyətlər var”. Əvvəlcə özümü ondan zəif hiss edirdim. Almaniyada ayaqla oynamaq üçün tamam başqa tələblər var, buna öyrəşməli oldum. Kubok matçlarında uyğunlaşmağım üçün oynayacağıma ümid edirdim, amma nədənsə, məni heyətə salmırdılar. Qışda icarəyə getmək variantlarını nəzərdən keçirməyə başladım.

- Təklif var idi?

- Türkiyədən variantlar var idi. Amma "Bayer" rəhbərliyi mənə ümid bəslədiklərini və buraxmaq fikrində olmadıqlarını bildirdi. Sonra yaxşı formada olduğumu göstərdim və Macarıstan "Ferentsvaroş"una qarşı yaxşı şans qazandım. Amma bir neçə həftədən sonra topuğumdan zədələndim. Müalicə və bərpa işləri davam etsə də, artıq mövsümün sonu idi. Mənə Bundesliqanın son turunda oynamaq imkanı verildi. Yeni mövsümdə çempionatın ikinci oyununda da oynadım, amma təəssüf ki, baldırımdan xəsarət aldım. Qışda isə belimdən zədəndim. Bu, son nöqtə oldu. Nəyisə dəyişmək lazım olduğunu başa düşdüm. Yayda isə müqaviləm bitəndə “Qarabağ”a keçdim.

- Xoşbəxt sonluğu olmayan bir hekayə...

- Almaniyadakı dövr uğursuz oldu. Amma mən heç nədən peşman deyiləm, bu, yaxşı təcrübə idi. Bütün həyatım boyunca Avropada oynamaq istəyirdim və Rusiyanı tərk edərək yüksək liqaya gedə bildim. İnkişaf etmək istədim və bunu bacardım.

- “Qarabağ” haqqında danışmaq maraqlıdır. Deyəsən, “Zenit” və “Bayer”dən sonra çox da prestijli klub sayılmır, elədir?

- “Qarabağ” öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda oynayır. Mənim üçün əsas olan bu idi.

- Doğrudanmı "Bayer"dən sonra Azərbaycandan başqa seçiminiz yox idi?

- Türkiyə komandalarının yarısı mənimlə maraqlanırdı, amma heç biri konkret təkliflə gəlmirdi. Aralarında ən məşhuru yəqin ki, "Fatih Karagümrük"dür. Həmin vaxt Maqomed Ozdoev orada oynayırdı, ona görə də ümumilikdə keçidin əleyhinə deyildim. Amma əvvəlcə məşqçilər korpusunda dəyişikliklər oldu və Andrea Pirlo getdi. Sonra məlum oldu ki, klub belimdəki zədəyə görə narahatdır. Maaşsız müqavilə bağlamağı və ancaq oyunlar üçün pul verilməsini təklif etdilər.

- Həvəskar liqalarda olduğu kimi?

- Bəli, bəli, düzdür (gülür). Bu məni qane etmədi və imtina etdim. Kipr "Apollon"u ilə də variant var idi. Təlim-məşq toplanışında məni gözlədiklərini dedilər, amma sonda yoxa çıxdılar. Və həmin anda “Qarabağ” meydana çıxdı. “Rostov” da məni istəyirdi, amma Vitali Kafanov Azərbaycana getməyi məsləhət gördü.

- Nə dedi?

- O vaxt Sergey Pesyakovdan çox razı idilər, onunla rəqabət aparmağımı istəyirdilər. İlkin şərtləri nəzərə alsaq, "Qarabağ" həqiqətən daha üstün, məqsədəuyğun görünürdü. Sonda qərarımdan peşman olmadım. Azərbaycanda mövsüm çox əla keçdi.