BAKI. 11 fevral. TELEQRAF

“Frank De Blekerin izahı bizə natamam gəldi. Çünki istədiyimiz bəzi suallara cavab ala bilmədik”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.

Klub rəsmisi Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”a 2:1 hesabla məğlub olduqları matçın 58-ci dəqiqəsindəki qayda pozuntusu barədə AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerinin cavabından qane olmadıqlarını bildirib: “Diqqəti cəlb etmək üçün sonradan həmin kadrları bölüşdük. İstədik, bəzi məqamlara aydınlıq gətirilsin. Məsələn, Joarlem Batistanın vurduğu qolun "oyundankənardır" deyib sayılmaması. Sonra, qapımıza penalti zərbəsinin təyin olunması və s. Təbii ki, izah bizi tam qane etmədi. Başqa deyəcək söz yoxdur…”

Qeyd edək ki, fevralın 9-da İnqilab Məmmədovun idarə etdiyi “Sabah” - “Turan Tovuz” matçından sonra qonaqlar rəsmi sosial şəbəkə hesabında narazı qaldıqları epizodları bölüşərək, Frank De Blekerə müraciət etmişdi. Tovuz təmsilçisi hazırda 36 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.