BAKI, 12 fevral. TELEQRAF

“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev uzun müddətdən sonra yaşıl meydanlara geri qayıdır.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, kapitan “Araz-Naxçıvan”la Azərbaycan Premyer Liqasının XXIII tur oyununda komandasına kömək edə bilər. Onun qarşıdakı matçda meydana çıxa bilməsi üçün tibbi personal səfərbər olub.

Sonuncu dəfə dekabrın 20-də Azərbaycan Premyer Liqasiının XVIII turunda “Neftçi”yə qarşı (1:1) forma geyinmiş 33 yaşlı müdafiəçi bu il heç bir matçda çıxış etməyib. O, "Kəpəz"ə 2:5 hesabı ilə uduzduqları XIX tur qarşılaşmasını sarı vərəqə cəzasına görə buraxıb. XX turda "Turan Tovuz"un Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi oyundan əvvəl isə Əliyev məşq zamanı ayağından xəsarət alıb.

Qeyd edək ki, “Turan Tovuz” "Araz Naxçıvan"la fevralın 16-da üz-üzə gələcək. Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək.