BAKI, 12 fevral. TELEQRAF

ABŞ-nin təhlükəsizlik ehtiyacları çərçivəsində bütün məsələlərlə bağlı konkret təkliflər vermişik.

Teleqraf xəbər verir ki, ABŞ-nin Suriyadakı hərbi qüvvələrini geri çəkəcəyi və bunun müqabilində İsraillə Ankara arasında əlaqələrin bərpa olunacağı ilə bağlı iddianı Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz belə şərh edib.

“Bu, ABŞ-nin öz qərarıdır. Qərarın nə olacağını gözləyirik. Birləşmiş Ştatların təhlükəsizlik ehtiyaclarının nə olduğunu bilirik, onlar da bizimkiləri bilirlər. ABŞ-nin təhlükəsizlik ehtiyacları çərçivəsində bütün məsələlərlə bağlı konkret təkliflər vermişik”, - diplomat bildirib.

Yılmaz buna konkret misal olaraq, bölgədə İŞİD təhdidinə qarşı birgə mübarizə təklifini göstərib:

“İŞİD-in Suriya və İraqı yenidən təhdid etməsinin qarşısını almaq üçün Türkiyə, İraq, İordaniya və Suriya da daxil olmaqla İŞİD-ə qarşı dördtərəfli koalisiya qururuq. Bu, kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş birgə əməliyyatlara qədər hər cür variantı əhatə edəcək.

Bu məsələ ilə bağlı qanuni olaraq əlimizdən gələni etmişik. Xarici İşlər Nazirliyi ilə yanaşı, Ticarət Nazirliyimiz də lazımi işləri həyata keçirib. İsraillə ticarət məhdudlaşdırılıb. Dünyada Türkiyədən başqa İsraillə hansısa şəkildə münasibəti olan, rəsmi münasibətlərini davam etdirən və bu məsələdə Türkiyə qədər tədbir görən ikinci ölkə yoxdur. Biz ən yüksək səviyyədə lazım olanı etmişik”.

Xarici işlər nazirinin müavini Türkiyənin İsraillə bağlı mövqeyinin həmişə aydın və qəti olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyə keçən il Qəzza zolağında HƏMAS-la apardığı müharibəyə görə İsraillə əlaqələri dayandırıb.