BAKI, 12 fevral. TELEQRAF

Dövlət Statistika Komitəsi bu ilin yanvar ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısını açıqlayıb.

Teleqraf xəbər verir ki, yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində yaşanıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin yanvar ayında qeyri-qida malları üzrə inflyasiya 0,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində olub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə bahalaşma isə 2 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində baş verib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.