BAKI, 11 fevral. TELEQRAF

“Qarabağ kimi rəqibə qarşı ardıcıl 2 oyun keçirmək asan deyil. Amma bu, bizə xeyirdir”.

Bu sözləri Teleqraf-a müsahibəsində “Səbail”in qapıçısı Hüseynəli Quliyev deyib. 26 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının XXII turunda bu gün baş tutacaq “Qarabağ”la oyuna hazırlıqlarla bağlı və digər suallarımızı cavablandırıb.

- “Qarabağ çempionatdakı son 2 turda uduzub. Sonuncu pillədə olan komanda kimi, liderlə oyundan xal ala bilmək çətin olmayacaq və bu amil sizdə bir qədər gərginlik yaratmır?

- Düşünürəm ki, layiq olduğumuz pillədə deyilik. Sonuncu yerdə olmaq təzyiq yaradır. Ancaq komanda olaraq “Qarabağ”a qarşı soyuqqanlılığımızı qoruyacağımıza inanırıq. Onlar çempionatın lideridir, təbii, onlarla qarşılaşma heç də asan olmur. Amma biz rəqibimizə qarşı layiqli mübarizə aparacağıq.

- Ötən həftə “Qarabağ”la Azərbaycan Kubokunun ¼ final mərhələsində qarşılaşmışdınız. Həm çempionatda qalmaq uğrunda mübarizə, həm də kubokda “Qarabağ”a qarşı oyunlara fokuslanmaq hazırlıqlarınızı nə qədər gərginləşdirir?

- Təbii ki, "Qarabağ" kimi rəqibə qarşı ardıcıl 2 oyun keçirmək asan deyil. Amma bu, bizə xeyirdir. Futbol baxımından böyümək üçün güclü rəqiblərə qarşı mübarizə aparmaq gərəklidir.

- Kubok görüşündə öz meydanınızda Ağdam təmsilçisinə məğlub oldunuz. Cavab görüşündə şansınızın olduğunu düşünürsünüz?

- Düşünürəm ki, “Qarabağ”a qarşı yaxşı mübarizə apardıq. Qol epizodlarımız da kifayət qədər oldu. Amma yenə də məğlub olduq. Son ana qədər vuruşacağıq. Cavab qarşılaşmasında şansımız hələ də var. 90 dəqiqə əlimizdən gələni edəcəyik. Buna görə də ümid sonda ölür.

- AFFA İcraiyyə Komitəsinin qərarı ilə Premyer Liqada növbəti mövsümdən komanda sayı 12-yə çatdırılacaq. Sonuncu yeri tutan komandanın da elitada qalma şansının olduğunu nəzərə alsaq, bu, sizdə rahatlıq yaratmır?

- Komanda sayının çox olması, təbii ki, ölkə futboluna xeyirdir. Komanda sayının çox olması, o qədər çox futbolçu deməkdir. Amma bu, işimizə təsir etmir. Çünki biz sonuncu pillədə olmaq istəmirik. Növbəti mövsümlərə ümidliyik.

- Legioner limiti aradan qaldırıldı. Sizcə, rəqabət artacağı üçün gənc yerli futbolçular kənarda qalmayacaq?

- Qərar verilib və necə nəticə verəcəyini zaman göstərəcək. Zamanla hər şey bəlli olacaq. Amma daha qətiyyətlə işləməli və çalışmalıyıq.

- Ümumiyyətlə, yerli oyunçularımızın bundan sonra xaricə üz tutmaq, ya da legionerlərlə rəqabəti udmaq kimi seçimi var. Siz bunun çarəsini nədə görürsünüz?

- Əlbəttə, legioner həyatı yaşamaq da bir variantdır. Əsas məsələ yaxşı oynamaqdır ki, öz gücünü ortaya tam qoya biləsən. Düşünürəm ki, legionerlərlə rəqabət də maraqlı olacaq.

- Qapıçılar arasında son illərdə yalnız Emil Balayev legioner həyatı yaşayıb. Bir qapıçı olaraq, bunun səbəbini düşünmüsünüzmü? Ümumiyyətlə, belə hədəfiniz olubmu ki, legioner qapıçı olasınız?

- Yaxşı yerli qapıçılarımız var. Ümid edirəm ki, Emil kimi gələcəkdə bizlər də yaxşı klublada legioner həyatı yaşıyarıq. Klubum ilə müqaviləm var, qalıb-qalmayacağım onların qərarından asılıdır. Gələcəkdə yaxşı variantım olsa, niyə də yox?!