![](https://teleqraf.az/storage/2025/02/11/715x378/_whatsapp_2025-02-11_21.07.15_0bb3fa6d.jpg)
BAKI, 11 fevral. TELEQRAF
“Riçard Almeydanın gedişi gözlənilməz oldu".
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”i evdə 5:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı şərh edib: “Futbolçularımı təbrik edirəm. Qarşımızda çox ciddi müdafiə olunan komanda var idi. Sadəcə sona doğru rəqibdə boşluq oldu. Ümumiyyətlə, “Səbail” çox düzgün və aktiv müdafiə olunur. Futbolçuların davranışı göstərir ki, komandalarında nizam-intizam qaydasındadır. Kubok oyununda da epizodlarımız var idi, rəqibi əks-hücumlarda yaxalayırdıq. Sadəcə sonluq çatmırdı. Hücumda və müdafiədə yaxşı futbolçuları var. Digər komandalar, məşqçilər fərqli iş rejimində çalışır. Hər oyunda hərə bir sürpriz yaradır. Biz keçən ildən fərqli olaraq. “Səbail”, “Zirə” və digərlərini daha ayrı görürük.
Bir neçə il uyğunlaşandan sonra futbolçuların da bizə qarşı oynamaları asan olur. Eyni zamanda, futbolçunun öz fərdi keyfiyyətləri var. Elə oyunçular var ki, meydanda həmişə yer tapa bilər. Rotasiyalar etmək istədikdə fərqli mövqelərdə istifadə edə bilirəm. Bu, gələcəkdə heyəti formalaşdırmaq üçün mənə önəmli olacaq".
Qurbanov komandadan ayrılan Riçard Almeydanın gedişinim gözlənilməz olduğunu açıqlayıb: "Üç gün əvvəl qısa söhbətimiz oldu, dünən isə dəqiqləşdi. Keçmiş komandasına, öz ölkəsinə qayıtmaq istədi. Belə oyunçular bizim üçün dəyərli olub. Futbolçunun öz razılığı vacibdir. Özünü burada komfort hiss edirdi. Yəqin karyerasını ölkəsində davam etdirəcək. Riçard həmişə “Qarabağ”ın vacib fiqurlarından olub. Ona komanda olaraq, uğurlar arzulayırıq".
Baş Kadi Borgec və Aleksey Kaşukun matçın gedişinə təsirlərindən də söz açıb: "Edilən dəyişikliklər yaxşılığa doğru göstərir. Belə dəyişikliklər həmişə hiss olunur. Kadinin komandaya uyğunlaşması çətin olmayacaq. Sadəcə, formasından uzaqdır. Daha aktiv və yaxşı Kadi istəyirəm. Yəqin ki, bir aya düzələr. Hər bir halda sevimli futbolçularımızdan biridir.
Kaşuk isə hansısa oyunlarda zəif təsir bağışlaya bilər. Amma bir il formadan uzaq qalması elə-belə deyil. Komandada göstərdiyi nəticə, ötürmələr pis deyil. Bəzi oyunlarda daha yaxşı çıxış edə bilər. Baş məşqçi olaraq, ondan razıyam. Bir neçə oyunda faydalı iş əmsalının aşağı olması mümkündür. Onun etdiyi hər oyunçuda yoxdur. Süni örtükdə hər oyunçu çıxış edə bilmir. Ümumiyyətlə, Kaşuk vacib futbolçularımızdan biridir".
Ağdam təmsilçisinin baş məşqçisi növbəti turda "Neftçi" ilə səfər oyununda da azarkeşləri sevindirəcəklərinə inam ifadə edib: “Neftçi” bəzi oyunlarda göstərdiyi performansına görə məğlub olmalı deyildi. Yaxşı nəticələri var. Derbi zamanı biz əvvəlki nəticələrə baxmırıq. O stadionda, o ab-havada oynamaq həmişə yaxşı təsir bağışlayır. İnanıram ki, azarkeşlərimizi bizi gözləyir. Komandama güvənirəm. Bəzi şərhləri qeyri-ciddi qəbul edirəm".