BAKI. 11 fevral. TELEQRAF

"Belə bir komandanın parçası olduğum üçün qürur duyuram".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Bassala Sambu səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı hücumçu mükəmməl heyətə malik olduqlarını bildirib: "Futbolçular çox keyfiyyətli və təcrübəlidirlər. Yeni gələnlər üçün bu kollektivə uyğunlaşmaq asandır. Necə ki, mən rahatlıqla adaptasiya oldum. Bir şeyə ehtiyacın olduqda burada hər kəs sənə kömək edir".

Təcrübəli forvard "Zirə" ilə oyunun yaxşı alındığını və komanda olaraq, uğurla çıxış etdiklərini söyləyib: "Qarşılaşmanın əvvəlindən sonunadək peşəkarlığımızı qorumağı bacardıq. Ağır işin öhdəsindən gəldik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Qələbə qazanacağımıza inanırdıq, öz aramızda etdiyimiz müzakirələrdə də bu barədə danışırdıq. Bütün futbolçular əlindən gələni etdi".

Sambu növbəti turda qəbul edəcəkləri "Qarabağ"ı böyük komanda kimi dəyərləndirib. O, fevralın 16-da çox önəmli matça çıxacaqlarını diqqətə çatdırıb: "Bu oyunu səbrsizliklə gözləyirəm. 3 xal üçün əlimizdən gələni edəcəyik. Komanda olaraq ən yaxşı tərəfimizi ortaya qoyacağıq".

Yeni transfer "Neftçi"nin avrokubok hədəflərindən də danışıb. Hücumçu qitə miqyaslı turnirlərə vəsiqəni əsas hədəf kimi dəyərləndirib: "Hazırda yalnız qarşıdakı matçlara fokuslanmışıq. Avrokuboklara getmək əsas hədəfimizdir. Amma indi yalnız növbəti oyunları düşünməliyik. Öncə “Qarabağ”la qarşılaşacağıq, ardınca kubok görüşümüz var. Klub, komanda və azarkeşlər üçün əlimdən gələni edəcəyəm".

Seneqal əsilli oyunçu Azərbaycan Kubokunun 1/4 finalında "Kəpəz"lə keçirəcəkləri cavab görüşünün ağır keçəcəyini vurğulayıb: "Gəncədəki ilk matça baxmışam. İndi də ağır oyun olacaq. Əsas hədəfə doğru irəliləmək istəyirik. Üzərimizdə olan məsuliyyəti dərk edirik. Cavab görüşündə də qələbə qazanıb, finala bir addım da yaxınlaşmaq niyyətindəyik".

Qeyd edək ki, hazırda "Neftçi" Azərbaycan Premyer Liqasında 24 xalla 6-cı pillədə qərarlaşıb. Azərbaycan Kubokunda isə "Kəpəz"lə Gəncədəki oyunda "ağ-qaralar" qələbə qazanıb - 2:0. Cavab görüşü fevralın 28-də keçiriləcək.