BAKI, 12 fevral. TELEQRAF

Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur.

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, üstünlük hüququna uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması, eyni zamanda valideynlərindən birinin orada işləməsi müddəaları daxildir.

“Sıxlıq olan ərazilərdəki məktəblərə yaxın ərazilərdə yaşayan uşaqların ora qəbulundan sonra yer qalarsa, digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", – deyə MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

"Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər",- məlumatda qeyd olunub.