BAKI, 12 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə növbəti qonağı Hindistan Baş naziri Narendra Modi olacaq. Bundan əvvəl Ağ Evdə İsrail və Yaponiya baş nazirləri qəbul edilmişdi. İsrail Baş naziri Benyamin Netanyahu Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdisə, onun yapon həmkarı Siqeru İşiba iqtisadi əlaqələrlə bağlı fikir mübadiləsi aparmışdı.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Tramp ilk gündən müxtəlif dövlətlərin məhsullarına qarşı rüsumları artırmağa başlayıb:

“Hindistan da Yaponiya kimi ABŞ ilə ticarətdə qeyri-müəyyənlik istəmir. Məlumata görə, Hindistan hökuməti ABŞ məhsullarına tətbiq etdiyi rüsumları aşağı salmağı planlaşdırır. Modi Trampla müdafiə və texniki sahədə əməkdaşlıq mövzularını da müzakirə edəcək. Ağ Evin sahibi dəyişsə də, ABŞ əvvəlki kimi bölgədə Çinlə mübarizədə Hindistanla strateji tərəfdaşlığa əhəmiyyət verir. Trampdan əvvəl Co Bayden də eyni siyasəti həyata keçirirdi. Tramp bu kursu davam etdirəcək.

Buna baxmayaraq, iki ölkə arasında gərginlik yaradan məqamlar var. Trampın miqrantlara qarşı mübarizəsi çərçivəsində ABŞ-dəki hindlilər də ölkələrinə göndərilib. 104 hindli artıq Hindistana çatdırılıb, 487 nəfəri də eyni tale gözləyir. Ümumilikdə 16 il ərzində ABŞ-dən Hindistana 15 min hindli deportasiya edilib. Deportasiya edilən hindlilərin sayı çox olmadığına görə Dehli bununla bağlı Vaşinqtonla sərt polemika aparmaq istəmir.

Tramp Hindistana qarşı rüsumların artırılması barədə açıqlama verməsə də, bu ölkə ilə idxal-ixrac əməliyyatlarını balanslaşdırmağa çalışacaq”.

Təhlildə bildirilir ki, Modi Trampla daha çox hərbi və texnoloji sahədə əməkdaşlıq mövzularını müzakirə etmək istəyir: “Çinlə mübarizədə Hindistanın ABŞ-nin dəstəyinə ehtiyacı var. Düzdür, son vaxtlar Dehli ilə Pekin arasında xüsusi gərginlik yoxdur, ancaq Hindistan Çinin bölgədə artan gücündən narahatdır”.