![](https://teleqraf.az/storage/2025/02/03/715x378/affa.jpg)
BAKI, 11 fevral. TELEQRAF
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Sabah” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodları şərh edib.
Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"58-ci dəqiqədə meydanın “Sabah”a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücümün başlama fazası) və meydan sahibləri hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir.
90+5-ci dəqiqədə VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). VAR müdaxilə edir. Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir.
Hər iki halda VAR düzgün olaraq, VAR protokoluna əməl edib".
Qeyd edək ki, "Turan Tovuz" sosial şəbəkə hesablarında oyunun idarəetməsindən narazı qaldığını və Frank De Blekerdən ədalətli qərarların verilməsini tələb etmişdi. Görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1.