BAKI. 11 fevral. TELEQRAF

"Bəli, elə söz olmuşdu. Demişdi ki, olimpiya çempionu olsan, bir hissəni sənə öz komandamda oynamağa icazə verəcəyəm".

Bunu Teleqraf-a açıqlamasında veteran güləşçi Hacı Əliyev dostu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun onu komandanın heyətində meydana buraxacağına dair aralarındakı razılaşma barədə danışarkən deyib.

Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu bu razılaşmanın hələ də həyata keçmədiyini bildirib: "Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci oldum. Lakin Rəşad "Mən sənə "çempion olsan" demişdim" söylədi. Mən də "Axı, medalla gəlmişəm" cavabını verdim. Bir neçə dəfə Rəşada dedim ki, futbol oyununda çıxış etmək istərdim, gəl, heç olmasa, 15-20 dəqiqə məni oyuna burax. Yenə də məni oyuna buraxmadı. Bir neçə ay öncə məclisdə bir yerdə idik. Orda yenə dedim ki “Ay Rəşad, gəl sən bu daşı tök ətəyindən, məni heç olmasa 15-20 dəqiqə də olsa, oynat”. (gülür). Görək də... Söz verib ki, nə vaxtsa bu, baş verəcək. Yəni, ola bilər".

Titullu pəhləvan israrlı davranışını futbola sevgisi ilə əlaqələndirib: "Sözsüz ki, bu, istəkdir. Bəlkə də mən böyük meydana çıxıb, elə oyun göstərə bilmərəm. Düzdür, oynayaram, mənə elə gəlir ki, bunu bacara bilərəm. Çünki futbolu da, futbol oynamağı da sevirəm. Demirəm ki, çox güclü oyunçuyam və yaxud güclü oynayaram. Amma normal, bir güləşçi kimi yaxşı futbol oynayıram".

Əliyev hətta yoldaşlıq görüşündə də oynamağa hazır olduğunu diqqətə çatdırıb. O, güləşçinin futbol oyununda meydana çıxmasına dair nümunə də göstərib: "Əsas oyunlar olmasa da, yoldaşlıq görüşlərinə də buraxsa, buna da razıyam. İllər öncə, hazırda qızlardan ibarət milli komandamızın məşqçisi Rövşən Umudovda bu baş verib. Hansı ki, daha əvvəl kişilərdən ibarət millidə işləyib, indi də qadınlardan ibarət millinin məşqçisi olan, tanınmış güləşçilərdəndir. Rövşən müəllim, səhv etmirəmsə, güləşən vaxt “Neftçi” komandasında bir hissə oyuna buraxılıb. Bu, yoldaşlıq görüşü olub. Tam dəqiq deyə bilmərəm, amma bilirəm ki, bu cür hadisə futbolumuzda o vaxt baş verib. Ona görə mən də istərdim ki, belə bir şey olsun".

34 yaşlı idmançı "Neftçi" İdman Klubunun yetirməsi sayılır. O, "Zirə"dən əlavə, eyniadlı futbol komandasının heyətində də oynaya bilməsinin mümkünlüyünü dilə gətirib: "Düzdür, özüm “Neftçi” İdman Klubunun yetirməsiyəm. Sözsüz ki, müsahibəyə baxırlar, ya da oxuyacaqlar. “Neftçi”dən də bir hissə oyuna buraxsalar, oynayaram. Yəni, böyük futbol matçında müəyyən hissə də olsa, çıxış etmək istəyərəm. Bəlkə də o vaxt "Neftçi"nin prezidenti Sadıq Sadıqova desəydim ki, bir hissə oynamaq istəyirəm, yəqin, mənə o şərait yaradılardı. Amma Rəşadla münasibətimiz fərqli olduğundan bunu ondan istəmişdim".

Tanınmış güləşçi Rəşad Sadıqovla dostluğunun futbola da sirayət etdiyini açıqlayıb: "Rəşad futbolçu kimi meydana çıxdığı illərdə gedib birlikdə özümüz üçün oynayırdıq. Sonuncu dəfə mən çağırdım ki, gəl oynayaq. Orda da zədələndi. Hələ də deyir ki, sənin üstündə zədələnmişəm (gülür - red.). Yəni, Rəşadla futbolda tam fərqli bağlılığımız yaranmışdı. Amma başqa futbolçu tanışlarım da var. Tək futbol deyil, elə idman növü yoxdur ki, orada idmançı dostum olmasın. Bütün idmançılarla dostluq etməyi sevirəm, fərq qoymuram, güləşçidir, boksçudur, cüdoçudur ya futbolçu. İdman elə sahədir ki, dəyişik formaları olsa da, sonucda hamımız idmana bağlıyıq. Bayraq qaldırmaq, himn səsləndirmək... Hamımız sonda bir işi görürük. Ona görə idmançılarla yaxınıq".

Peşəkar futbolçu kimi rəsmi oyunlarda meydana çıxmaq üçün ilk növbədə, klubun iştirak ərizəsinə düşmək lazımdır. Əliyevin fikrincə, istək olsa, bunu da etmək mümkündür: "Bəzi şeylər var ki, biz istəsək, onu edə bilərik. İstəmədilər (gülür - red.). Ona görə belə oldu".