BAKI, 12 fevral. TELEQRAF

Qazax rayonunun hələ də Ermənistanın işğalında olan anklav kəndləri - Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması istiqamətində danışıqlar davam edir. Azərbaycan və Ermənistan tərəfindən sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası bu müstəvidə mütəmadi olaraq iş aparır.

Bu sözləri Teleqraf-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

Ekspert bildirib ki, yaxın gələcəkdə Dövlət komisiyaları bu kəndlərin taleyi ilə bağlı məsələyə aydınlıq gətirəcək:

“Kərki kəndi ilə bağlı erməni tərəfinin narahatlıqları var. İrəvana gedən strateji yolun üzərində yerləşən kəndin Azərbaycana qaytarılmasına görə Ermənistanın cənub regionları ilə əlaqələrinin çətinləşəcəyi iddia olunur”.

Mətin Məmmədli eksklavlarla bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslandığını söyləyib:

“Erməni tərəfinin Gədəbəyin Başkənd kəndi ilə bağlı iddiaları var. İrəvan bu məsələni danışıqlar mövzusuna daxil etmək niyyətindədir. Ona görə də eksklavlarla bağlı məsələdə həll variantı kimi ərazilərin mübadiləsi məsələsi də gündəmə gətirilə bilər”.

“Eksklavlarla əlaqələrin necə qurulması məsələsi də mühüm önəm kəsb edir. "Azərbaycandan-Azərbaycana" prinsipi bu məsələdə də öz əksini tapmalıdır. Bu həmçinin Zəngəzur dəhlizinin açılmasında təsirli amildir. Dəhlizin açılması 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın (Azərbaycan, Rusiya və Ermənistan) 9-cu bəndinə uyğun olaraq təmin edilməlidir. Bu, İrəvanın yetirə yetirəcəyi öhdəliklərdən biridir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş olamlıdır. Ermənistanın bu tələbi icra etməməsi digər proseslərə də mənfi təsir göstərir”, - deyə o əlavə edib.