BAKI, 11 iyun. TELEQRAF
Ermənistan hökuməti müxtəlif bazarlara, xüsusən də Avropa İttifaqına məhsul ixrac edən yerli şirkətlər üçün üçüncü subsidiya paketini təsdiqləyib.
Teleqraf xəbər verir ki, qərar hökumətin bu gün keçirilən iclasında verilib.
Ərik, gavalı, şaftalı, nektarin, albalı, mineral su, şərab və konyak ixracı üçün logistika xərclərini kompensasiya etmək məqsədilə subsidiyalar ayrılacaq. Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan qeyd edib ki, subsidiyalar iyunun 1-dən sonra məhsul ixrac edən sahibkarlara şamil olunur. O bildirib ki, bu dövrdə 257 ton albalı və təxminən 65 tona ərik ixrac edilib.
Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı Rusiyanın məhsullarını qadağan etdiyi ixracatçılara dəstək vəd etmiş və hökumətin bu məhsulların pulunu ödəyəcəyini və onlara ixrac üçün yeni bazarlar tapmağa kömək edəcəyini qeyd etmişdi.