BAKI, 11 iyun. TELEQRAF
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb və vəzifəsinə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki ki, mayın 30-da Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Rusiya tərəfi bildirib ki, bu qərar Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla bağlıdır. Moskvanın fikrincə, bu, Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa zərər vurur.
Mayın 29-da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri birgə bəyanat qəbul edərək, Ermənistanı Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsi ilə bağlı mümkün qədər tez referendumunun keçirilməsinə çağırıblar. Ermənistan Baş naziri Nikol Paşinyan buna cavab olaraq bəyan edib ki, İrəvanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum yalnız İrəvan Avropa İttifaqına müraciət etdikdə və ya namizəd statusu almağa çox yaxın olduqda keçirilə bilər.