BAKI, 11 iyun. TELEQRAF
“Avropa İttifaqının Rusiya ilə əməkdaşlıq yollarını tapmasının vaxtı çatıb”.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Mən Avropanın Moskva ilə qarşılıqlı fəaliyyət yolları barədə birgə və praqmatik müzakirələrə başlamasının zəruriliyi məsələsini qaldırmağa davam edirəm. Hüquqi sərhədlərin qorunması məqsədlərimizə çatmaq üçün lazım olan kommunikasiya kanallarını açıq saxlamağımıza mane olmur. Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır, amma kiminsə ardınca kor-koranə getmək də yanlışdır”, - Meloni bildirib.
İtaliya Baş naziri hesab edir ki, Avropa Rusiya-Ukrayna sülh prosesində əsas rol oynamalı və bir sıra şərtləri müəyyən etməlidir: “Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri və uzunmüddətli sabitliyi təmin edə biləcək yeni Avropa təhlükəsizlik arxitekturası təmin etmək məqsədilə müttəfiqlərimizlə birgə çalışaraq sülh üçün şərait yaratmağa kömək etməliyik”.
Meloni qeyd edib ki, Avro-Atlantik birliyin qorunması və Avropa ilə ABŞ arasında koordinasiyanın gücləndirilməsi bu məqsəd üçün çox vacibdir:
“Bu, asan məsələ deyil, amma zəruridir. Ancaq koordinasiya səlahiyyətlərin verilməsi demək deyil. Ukrayna ilə Rusiya arasındakı sülh prosesində bir sıra şərtlər Avropadan asılıdır, bu məsələlər Avropanı narahat edir və ona təsir göstərir. Danışıqlara rəhbərlik etməli olan Avropadır”.