BAKI, 11 iyun. TELEQRAF

Çin şirkəti yaxın həftələrdə Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı zavodunun tikintisinə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, ilkin mərhələdə istehsal gücü ildə 3 giqavat olacaq və mərhələli şəkildə 10 giqavata qədər artırılacaq:

“Təbii ki, bu təkcə Azərbaycan üçün deyil, həm də günəş elektrik stansiyalarının və ümumilikdə günəş enerjisinin qiymətinin azalmasına səbəb olacaq.

Növbəti mərhələ isə Azərbaycanda, xüsusilə də Ərəb Azad İqtisadi Zonasında külək elektrik stansiyaları üçün ən azı qanadların (blades) və qüllələrin (towers) istehsalını qurmaqdır. Bu, prosesi sürətləndirməyə imkan verəcək.

Və çox vacib məqam – enerji saxlama sistemlərinin istehsalını təşkil etməkdir. Çünki enerji saxlama sistemləri olmadan külək və günəş enerjisinin istehsalını artırmaq çox çətindir".