BAKI, 11 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Paşinyan hökumətin iclasında bu mövzuya toxunaraq Ermənistandan ixrac edilən malların coğrafiyasının şaxələndirilməsi və yeni təchizat zəncirlərinin yaranması barədə danışıb.

“Bu müddət ərzində yeni nəqliyyat imkanlarımız da yaranıb. Axalkalaki-Qars dəmir yolunun hər iki xətti fəaliyyətdədir. Bu mövzuda Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə də söhbətim olub, o, mənə heç bir istiqamətdə problem yaranmayacağına əminlik verib. Bu mövzuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışam, onlar bu istiqamətlərin açıq olduğunu bir daha təsdiqlədilər. Ümid edirik, Ermənistan-Türkiyə dəmir yolu da ən qısa zamanda açılacaq, üstəlik, TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində imkanlar xeyli artacaq”, - Baş nazir bildirib.