BAKI, 27 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Donald Trampla görüşmək üçün ABŞ-yə yola düşüb.
Teleqraf "RBC-Ukraine" xəbər verir ki, Ukraynanı danışıqlarda Zelenskidən başqa daha beş nəfər təmsil edəcək.
Zelenskinin sözlərinə görə, Trampla görüş üçün Ukrayna danışıqlar qrupuna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, İqtisadiyyat naziri Aleksey Sobolev, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.
Ukrayna Prezidenti Vladimir Zelenski bazar günü, 28 dekabrda ABŞ Prezidenti Donald Trampla Florida ştatındakı Mar-a-Laqo malikanəsində görüşəcək.
Zelenski Trampla görüşündə sülh sazişi layihəsi ilə bağlı əsas fikir ayrılıqlarını həll etməyi planlaşdırır.
Ukrayna prezidentinin sözlərinə görə, o, Trampla həm Donbas, həm də Zaporojye Atom Elektrik Stansiyası məsələsini müzakirə edəcək. Avropa liderləri də Trampla görüşdə onlayn iştirak edəcəklər.