BAKI, 14 may. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ-ni Hörmüz boğazında gəmiçiliyin azadlığı ilə bağlı qətnamə layihəsinə dəstək toplamaq üçün ölkələrə təzyiq göstərməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, İranın diplomatik missiyası bununla bağlı “X” sosial şəbəkəsində bəyanat yayıb.

Bəyanatda bildirilib ki, BMT-yə üzv olan bir sıra ölkələr ABŞ və Bəhreynin hazırladığı qətnamə layihəsinə siyasi təzyiq, məcburiyyət və təhdidlər nəticəsində qoşulublar.

“Hamı bilir ki, bir çox ölkələr qətnamə layihəsinə təzyiqlər və hədələr altında dəstək verib”, - deyə İran nümayəndəliyi vurğulayıb.

Diplomatik missiya əlavə edib ki, Vaşinqtonun sənədə geniş dəstək toplamaq cəhdləri öz siyasi məqsədlərinə legitimlik qazandırmaq üçün atılan addımdır.

Qeyd edək ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts mayın əvvəlində bildirib ki, qətnamə layihəsinin 136 həmmüəllifi var.