BAKI, 14 may. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi yaxın üç il ərzində 10 min ədəd aşağı büdcəli qanadlı raketin alınmasını planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, “Low-Cost Containerized Missiles” proqramı çərçivəsində istehsal olunacaq raketlərin hər birinin qiyməti bir neçə yüz min dollar təşkil edəcək.

Bildirilir ki, yeni raketlər ABŞ ordusunun silah arsenalını genişləndirmək və şaxələndirmək məqsədi daşıyır. Onlar hazırda silahlanmada olan “Tomahawk” raketlərini tamamlayacaq.

Pentaqon yeni raketlərin hazırlanması və istehsalı üçün “CoAspire”, “Zone 5”, “Leidos” və “Anduril Industries” şirkətləri ilə müqavilə bağlayıb.

Qeyd edək ki, “The Wall Street Journal” daha əvvəl ABŞ-ın İranla müharibə zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketindən, həmçinin “THAAD” və “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid 1500-2000 arası raketdən istifadə etdiyini yazmışdı.

Nəşrin məlumatına görə, sərf olunan ehtiyatların tam bərpası altı ilə qədər vaxt apara bilər.