BAKI, 14 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda “dəyirmi masa”da ümumi istiqamət olaraq müasir şəhərlərin təhlükəsizliyi məsələlərinə toxunulub.
Teleqraf xəbər verir ki, bunu Dövlət Yanğından Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.
"Müzakirələr zamanı sürətli urbanizasiya prosesinin getməsinin, iri miqyaslı tikintilərin, o cümlədən hündür mərtəbəli yaşayış binalarının, iri ticarət və logistik mərkəzlərinin, enerji infrastrukturu obyektlərinin artımının fövqəladə hadisələrin baş vermə ehtimallarının sayının artması xüsusi qeyd olunub. Müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi deyil, həmçinin onların təhlükəsiz istismarı da təmin olunmalıdır" - Cəmil Xudiyev bildirib.
Onun sözlərinə görə, bu kontekstdə dövlət nəzarəti fövqəladə hallara davamlı infrastrukturun qurulmasına xidmət edir:
"Bu gün keçirilən tədbirdə şəhərsalma forumunda iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının təklifləri dinlənildi. Eyni zamanda koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsində müvafiq qərarlar qəbul olundu".